Şuşa

Şuşa rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. 

Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, nəinki, Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.

Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə xarı bülbül adlanır. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb.

Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı. Şəmilin bulağı, əfsanəvi “Cıdır düzü” yerli camaatın və oraya təşrif buyuran qonaqların ən sevimli yeri idi.

Turşsu istirahət və müalicə zonası kimi tanınırdı. Şuşadan 40 km. aralıda – Laçın yolunun üstündə yerləşir. Sol tərəfdən isə Daşaltı çayı axır. Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi.

Şuşanın gəzməli görməli yerlərindən biri də Yuxarı Daşaltı idi. Xalq arasında bu istirahət yerinə Şəmilin bağı da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, “Ağzıyastı kaha” yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir.

Şuşaya təşrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik əfsanəvi “Cıdır düzü” idi. “Cıdır düzü”nün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə “Üçmıx” adı verilib.

Sanatoriya və istirahət evlərində dincələn turistlər daim həmin yerlərə gəzintilərə çıxır, təbiətin Şuşaya bəxş etdiyi gözəllik qarşısında öz təəccüblərini gizlədə bilmirdilər. Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan “Cıdır düzü”ndə hər il may ayında “Xarı-bülbül” mahnı festivalları keçirilirdi.
İndividual qiymət təklifinə ehtiyacınız var?

Formu doldurun və ən qısa zamanda nümayəndəmiz tərəfindən biznesinizə özəl individual təklifi əldə edin